“Sərçə” ləqəbli bu qızı hər zaman gülərüz görürük. Olduğu yerə işıq, pozitiv enerji saçır. Uşaq kimi şıltaqdır, səmimidir. Adət etdiyimiz qəliblərə sığmayan, fərqli bir gəncdir. Ancaq o, həm də QADINdır.
-Hələ də hamının gözündə balaca qız uşağı olan Nərmin özünü qadın kimi hiss edə bilir?
-Özümü qadın kimi hiss etmək üçün mənə biri lazımdır. Yəni mənə bunu hiss elətdirsin. Mənim uşaqlığımın böyük bir dönəmi itdiyinə görə mən hələ həmin uşaqlığımla yaşayıram. Gərək mən hələ o uşaqlığımı yaşayam ki, sonra gəncliyə keçim. Sonra formalaşım, qadın olum. Ancaq mütləq bir insan olmalıdır ki, kənardan mənim qadın olduğumu göstərsin.
-Sənin üçün qadın obrazı necədir?
-Mənim tanıdığım qadınlar filmlərdədir, anamdır, şəhərdə gördüyüm insanlardan da ola bilər. Mən onlarda qadınlıq görmüşəm. Amma içimdəki qadını hələ ki, heç kim mənə göstərə bilməyib. Özüm də gözləyirəm ki, kimsə mənə o qadını göstərsin, görüm.
-Onda hələ səni sözün əsl mənasında qadın hesab etmək olmaz?
-Biz ailədə 3 bacıyıq. Mən oğlan kimi böyüdüyümə görə ailədə də məni elə görüblər. Ona görə də, məndə kişi tərəfi daha güclüdür. Özümü qadın kimi hiss edə bilmirəm.
-Yaxşı, qadınlıq nədir?
Bir dəfə bu haqda bir yazı da yazmışdım. Məsələn, anamda mən necə bir qadın gördüm? Biz məcburi köçkün kimi gəlmişdik bura, müəyyən bir müddət yeməyə demək olar ki, heç nə yox idi. Biz də kənddə görmüşdük ki, evdə dovğa bişər, kartof bişər, toyuq olar. Anama deyəndə ki, bizdə nə vaxt yemək olacaq? Anam boş qazanı qoyurdu qazın üstünə, deyirdi ki, yemək indi hazır olacaq. Bir dəfə, iki dəfə, üç dəfə... gördüm ki, artıq yavaş-yavaş aldanıram. Əslində sonra başa düşdüm ki, o, onu niyə eləyir. Mən ona belə bir təsvir vermişdim ki, kəpənək canlı olarkən gözəl olar ... Elə bil o kəpənək qurudu, qoydun kitabın arasına, orda artıq maket kimi qaldı. Həmin vaxtdan sonra anam elə bil mənim üçün qurudulmuş qadın maketi oldu. Elə bil qurutdum qoydum kitabımın arasına. Bax, xatırladığım qadın budur... Filmdə isə “Təhminə və Zaur”dakı Təhminə. Əslində o qadın deyildi, kişiliyə şillə idi, başqa bir şey idi...
-Mütləq kişiliyə şillə vurmaq lazımdır ki, qadın olduğunu görsün?
-Qadınlığı mütləq sübut etmək lazımdır ki? Mən, ümumiyyətlə, bu cəmiyyəti saymıram. Əvvəllər çox düşünərdim ki, görəsən, insanlar nə deyər, nə düşünər?.. Cəmiyyəti dəyişmək istəyirdim. Amma indi görürəm ki, insanlar özləri dəyişmək istəmirlər. Ona görə də, cəmiyyəti qatlayıb atmışam bir kənara. Bioloji olaraq hamımız qadın olduğumuzu, kişilərdən fərqləndiyimizi görürük, hiss edirik. Amma ruhən sən nə dərəcədə qadınsan, gücün nədir, bunu anlamaq çətindir. Mən insanlara münasibətdə qadın-kişi ayrıcalığı etmirəm. Mənim üçün əsas insan faktor olduğu üçün düşünməmişəm ki, qadın belə olmalıdır, klişi elə olmalıdır. Mənim üçün konkret bəşəri dəyərlər var, əsas onlar insanda olmalıdır.
-Bəs elə xüsusiyyətlər varmı, düşünəsən ki, məhz qadın üçündür, kişilərdə ola bilməz?
-Hə, qadın zərifliyi... Bu, eleqantlıq da deyil. Çox qəribə bir şeydir. Əl hərəkətləri filan... Ən pisimə gələn şey odur ki, oğlan dostlarım zərif qızları sevir. Bunu görəndə deyiəm ki, mən də elə olmaq istəyirəm. Ancaq deyirlər ki, yox, sən elə olma, özün kimi ol, dəyişmə. Amma həm qadın, gəm də kişiyə aid elədiyim cəhət baxımlılıqdır. Baxıımlı deyəndə ki, özünə baxmağı, təmizkarlığı...
-Bayaq dediyin kimi, “O” olsa, səndə nələr dəyişər, həyat tərzin, geyimin, xüsusiyyətlərin?.. Məsələn, zərif olarsan?
-Mən şərti cümlələr qurmadığıma və eqom da çox yüksək olduğuna görə, içimə hopan nəyisə heç kimə görə dəyişmərəm və o şeydən keçmərəm.
-Bəs “O” necə olmalıdır?
-Eynən mənim kimi olmalıdır. Özüm kimi adam axtardığıma görə də çox çətin tapıram.
-Qorxmursan ki, eynilik yorucu olar, bezdirər?
-Əksinə, mən bezdirməkdən qorxuram. Mən elə bir insanam ki, hamıyla yola gedirəm. Hətta əks tipli bir insan olsa belə, onunla dil taparam. Amma mən özüm gün ərzində 3-4 dəfə dəyişdiyimə görə, 3-4 insanın xarakterini özümdə cəmləşdirdiyimə görə, düşünürəm ki, qarşımdakı insan, məni sevəcək olan kişi çat-çat olar. Bu qədər Nərminə tab gətirə bilməz.
-Necə olub ki, Nərmin belə rəngarəng olub?
-İnsanların düşüncələri ilə mənə çox təsir etmələrinə, məni dəyişmələrinə imkan verməmişəm.
-Nərmin, əks cinsdə ilk olaraq nəyə fikir verirsən?
-Biləyə...O bilək başqa olmalıdır. Yoğun olmalıdır, damarları çıxmalıdır. Bir də saqqalı olmalıdır. Ancaq bunlar elementar şeylərdir.
-Bəs hansı kişi ilə yaşaya bilməzsən?
-Məni dəyişmək istəyən kişiylə. Nəinki kişi, öz dəyərlərini mənə yeritmək istəyən insanlarla yaşamaq, ünsiyyətdə olmaq mənim üçün dözülməzdir.
-Arzuladığın ailədə böyümüsən?
-Arzuladığım, hətta Azərbaycan reallığında arzuladığımdan daha artıq. Özümü bu baxımdan şanslı hesab edirəm. Ailəmin ən müsbət keyfiyyəti odur ki, onlar mənə inanırlar, bir də qəbul edirlər ki, onların dövrü keçib. Buna görə də, mübahisə mövzusu yarananda geri çəkilməyi bacarırlar.
-Ailədə sənə ən çox kim yaxındır?
-Atam. Böyük bacıma deyir ki, bu, mənim bacımdır. Balaca bacıma deyir ki, bu, mənim anamdır. Ya da deyir ki, evdə bir qızım var, o da Nərmindir.
-Nərmin, hansı mühitdə özün ola bilmirsən?
-O dəyişir. Konkret elə bir yoxdur ki, deyim ki, orda rahat ola bilmirəm. Bəzən elə olur ki, həmişə özüm olduğum yerlərdə rahat ola bilmirəm. Mənim dəyişkənliyim insanlardan asılı olmur, özümdən asılı olur. Bir dəfə halım çox bərbad idi. Metroda balaca bir uşaq mənə baxıb elə gülümsədi ki, əhvalım tamam dəyişdi, az qalırdı metrodan oynaya-oynaya çıxam. Və yaxud ən sevdiyim yemək dovğadır. Kefim pis olanda qabağıma 1 stəkan dovğa qoyarsan, hər şey yadımdan çıxar. Çox xırda şeylər mənim əhvalımı yüksəldə də bilər, korlaya da bilər.
-Bugünkü cəmiyyətdə səni ən çox incidən nədir?
-Ən çox incidən odur ki, insanlar rahat deyillər. Olduqları kimi deyillər. Özlərinə azadlıq vermirlər. İnsanlar özlərini o qədər yeniliyə qapayıb gizlədiblər ki, özlərini unudblar. İndi axtarsalar da , tapa bilməzlər özlərini.
-Bəs səni dəyişdirməklərini sevmədiyin halda, özün kimisə dəyişməyə çalışırsan?
-Mən ancaq kiminsə əhvalını dəyişə bilərəm. Mən özüm pis olanda maksimum dərəcədə çalışıram ki, öz ağırlığımı başqasına yükləməyim. Elə bilirəm mənim missiyam budur:hamını pozitiv, rəngbərəng eləmək.
-Amma bu, çox çətin missiyadır axı. Kloun öz işini başa vurandan sonra bir küncə çəkilib ağladığı kimi...
-Elə çətindir... Adamların çoxu səni olduğu kimi tanımır. Məsələn, məni tanıyan adamlardan soruşsanız, 10 adamdan 9-u deyəcək ki, çox pozitiv, xoşbəxt qızdır. Amma yalnız 1 faiz bilir ki, mən əslində necəyəm. Onlar da mənimlə ünsiyyətdə olan, yaşayan insanlardır.
-Gülüşün arxasındakı, içindəki Nərmindən danış bir az...
-Elə o gülüşü sevən biri... Hətta problemim olanda belə çalışıram ki, sadəcə gülümsəyim.
-Bəs əslində necədir?
-Əslində içimdə bir buruqluq var. Çox şeyi içimə atıram, içimdə fikirləşirəm deyə... xüsusilə gecələr... xüsusilə o pərdəyə, yastığa “sağ ol” deyib yatırsan... Onun ağırlığı başqa olur. Çünki özüm-özümlə qalanda çox ağrılı oluram.
-Özünü güclü hesab edirsən?
-Baxır nədə... Elə mövzular var ki, bacarmırsan. İnsanlıqla toqquşanda görürəm ki, mənlik deyil. Bir dəfə taksiyə minmişdim, 5 mantlıq yol idi. Ancaq şofer elə bildi ki, uşağam, “atmaq” istədi mənə. Dedi ki, qızım, evdə 3 uşağım var, imkanım yoxdur, bir az çox pul verə bilərsən? Çıxardım 20 manat verdim. Həmin anda bəlkə də, həqiqəti bilirəm, amma özümü bilməməzliyə vururam. Ona görə yox ki, bu, mənim üçün ağırdır. Sadəcə belə şeyləri insanların üzünə vurmaq istəmirəm. Belə şeylər içimdə məni çox incidir, bu, özünü aldatmaqdır. Amma belə şeylər həm də məni bərkidir. Elə şeylər var ki, tez qırılıram, gücsüzləşirəm. İnsanlıq adı gələndə zəif düşürəm.
-Bir az sevgidən danışaq... Sevgi sənin üçün nədir?
-Sevgini ifadə edə bilmirəm. Mənə görə elə hisslər var ki, onu sözə tökəndə mənası itir, adiləşir. Onu sadəcə yaşamaq lazımdır. Gəlin, sizə ilk sevgimdən danışım. Sənan adında oğlan idi. 4-cü sinifdə oxuyurdum, o da məndən bir sinif aşağı oxuyurdu. Qara, şirin oğlan idi, eynən mənim kimi... Gedib yaxınlaşdım, dedim ki, səndən xoşum gəlir. O sevgim elə orda da qaldı...
Hər şey belədir də...Əlin çatandan sonra artıq mənasız olur, dəyərini itirir... Mən insanlardan da, işdən də bezənəm, məkanlardan da bezənəm. Çünki gərək hər şey mənim marağımda ola. İstənilən bir şey mənim marağımdan çıxdısa, qurtardı. Mənimlə olmaq istəyən hər gün mənə yeni bir şey verməlidir. Hər il işimi dəyişirəm. İnsan eyni yerdə qalanda başlayır özünü təkrarlamağa.
-Bəs yeniliyə nədən başlayırsan?
-Mən bir çox qadınlar kimi, saç düzümümdən, xarici görünüşümdən başlamıram. Əl işlərimlə bağlı nə isə edirəm . Məsələn, toxumağı bacarıram, bir müddət keçir, depressiyaya düşürəm. Fikirləşirəm ki, bacarmasam da, gedim bir rəsm kitabı alım, rəsm çəkməyi öyrənim. Yeni insanlar tanımaq da məni depressiyadan çıxarır. Ola bilər ki, kimyadan zəhləm gedir, amma hansısa bir kimyaçı, bir düstur məni depressiyadan çıxarsın.
-O çətin vaxtlarında daha çox kim kefini açır?
-Heç kim. Özüm dəyişmək, yaxşı olmaq istəməsəm, ətrafdakılar özünü öldürsə də, kefimi aça bilməz. Ona görə də, inanıram ki, insan çox güclüdür və hər şey onun özündən asılıdır.
-Maraqlıdır, sənə “sərçə” deyilməsinin tarixçəsi necə olub?
-Ən birinci evdə “Nərçə-sərçə” deyib uyğunlaşdırırdılar. Eləcə hamının dilinə düşdü. Amma “Nöqtə” adını özüm seçmişəm, təxəllüs kimi. Mən “Nöqtə”ni daha çox mənimsəmişəm. Nərmin adı çox yayılıb, adiləşib mənim üçün. Adımın Sara olmasını istərdim...
-Təxəllüsdən söz düşmüşkən, necə oldu ki, şeir yazdın?
-Əslində mən şeir yazmıram. Mənim yazdıqlarım şeir deyil, boş-boş şeylərdir. (gülür)
Heç özüm də bilmirəm bu, necə oldu. Şeir elə bir şeydir ki, əvvəldən reseptin olmur ki, hər şeydən bir az qoyum, duz töküm, istiot töküm. Əlinə qələm alırsan və yazırsan...
-Resept demişkən, yemək bişirməklə aran necədir?
-Bərbaaaad... Elə qəşəng yemək yandırıram ki... İndiyə qədər heç nə bişirməmişəm. Ancaq çay qaynadıram. Dəmləmirəm haaa, qaynadıram. Amma bişirməyi öyrənmək istəyirəm. Bir dəfə bacımın nişanında nə isə doğrayırdım, gördüm ki, adamın əsəblərini sakitləşdirir. Qab yumağı çox sevirəm. Sevdiyimə görə yumuram ha, əsəblərim sakitləşir. Bədənimdəki bütün mənfi enerjiləri ötürürəm boşqablara.
-Azadlığının məhdudlaşdığı bir nöqtə varmı?
- Fikirlərimə sərhəd qoyuram. Düşünməyimə yox... Fikirlərimi başqalarına yeritməkdə sərhəd qoyuram. Məsələn, mən düşünürəm ki, mənim dəyər anlayışım budur, onun dəyər anlayışı başqadır. Düzdür, istərdim ki, insanlar dəyər anlayışını çərçivəyə salmasınlar, daha geniş düşünsünlər. Bax, sizin layihə... Əksəriyyətindən soruşsan ki, qadın dediyin necə olmalıdır. Deyəcəklər ki, qadın dediyin dizdən aşağı geyinər, mətbəxdən yatağa marşrutu ilə hərəkət eləyər. Azərbaycanlılara görə, əsl qadın mental dəyərlərlə əhatə olunan qadındır. Çox istərdim ki, belə dəyərlərlə düşünən insanlar dəyər çərçivəsini qırıb insanlığa daha geniş baxsınlar.
-Sənin aləmində İNSAN necə olmalıdır?
- Şablon səslənsə də, insan mərhəmətli olmalıdır, gözəl fikirləşməlidir. Nə ömrümüz var ki, hələ bir fikirləşim ki, filankəsin qızı niyə belə geyindi, filankəsin oğlu niyə belə dedi? İnsan başa düşmür ki, o, daimi deyil. Bu gün var, sabah yoxdur. Ölüm qaşla göz arasındadır. Biz hələ o zamanın əlimizdən necə sürətlə getdiyinin fərqində deyilik. Elə buna görə də, belə boş şeylərə vaxt sərf edirik. Öz dəyərlərini bilmirlər deyə yazığım gəlir bizim insanlara.
-Sevgidə yaş, milliyyət məhdudiyyəti var sənin üçün?
-Qətiyyən. Bacımın əri fransızdır. Mənim üçün də heç bir fərqi yoxdur. Ola bilər azərbaycanlı olsun, ya başqa biri.
-Başqa ölkədə yaşamaq istəyərdin?
-Yaşamasan belə, ildə ən azı 2 dəfə ölkəni tərk eləmək mütləq lazımdır. Azərbaycan birdən o qədər sıxıcı gəlir ki... Adicə Gürcüstana gedəndə də xeyli yüngülləşirəm.
-Baş qəhrəmanı qadın olan sevdiyin film hansıdır?
-Məndə femenlik çox az olduğuna görə, adətən filmlərdə kişilərə daha çox diqqət edirəm, onlara simpatiyam olur. Məsələn, insan faciəsinin əks olunduğu filmlərdə də mən kişilərin faciəsindən daha çox təsirlənirəm. Qadında bir şeytanilik var, o, sona qədər səmimi olmur. Bir deyim var, qadınları başa düşməyə çalışmayın, onlar bir-birlərini çox yaxşı başa düşürlər. Kişinin kişiylə o şeytani rəqabətini görməmişəm, amma qadınlarn amansız mübarizəsini görmüşəm və düşünmüşəm ki, mən niyə qadın doğulmuşam? Deyirləre, qadın da Allah kimi yaradandır. Allah-şeytan mübarizəsi olure, elə bil qadının içində də o mübarizə gedir. Bax, almanı kişiyə yedizdirdi, altını biz çəkdik...
-Heç ana olmaq keçir könlündən?
-Məndə kişi xüsusiyyətləri çox olsa da, hələ uşaqlıqdan hiss eləmişəm ki, mən hamının qayğısına qalmaq, analıq etmək istəyirəm. Hətta ətrafımda mənimlə yaşıd olan insanlar da mənə “mama” deyirlər.
-Ən ağır itkin nə olub?
-Uşaqlığım... O uşaqlığı ki, itirirsən ey, 14-15 yaşında ayılırsan ki, ailən özünə gəlib, hər şey arxada qalıb, amma əsas şeyi yaşaya bilməmisən - uşaqlığını...
-O günlərdən bir əşyan qalıb?
-Mənim yox, amma o günlərdən qalan bir açarımız var. Anam evin qapısını bağlayıb çıxmışdı, həmin açarı saxlamışıq ki, bəlkə, nə vaxtsa qayıtdıq... Düzdü, mən daha realist yanaşıram. Amma anamın üzünə çırpa bilmərəm ki, nə o ev var indi, nə o açar lazımdı biz. Amma o ümid ki var, ona toxuna bilmirəm...
-Çox yaşamaq istəyərsən?
-Yox, nəyə lazımdır çox yaşamaq? Əsas doya-doya yaşamaqdır. Lap 60 yaşında da ölə bilərəm. Amma vəzifə kimi yaşaya bilmərəm ki, bu, mənim boynuma qoyulub , yaşamalıyam. İnsan anlamalıdır ki, niyə yaşayır.
-Çox qəribə üz cizgilərin var. Özün razısan bu simadan?
-Yox! Mən özümü qətiyyən bəyənmirəm. Güzgüdən çox az istifadə edirəm. Xarici görünüş boş şeydir.
-Sevimli rəngin hansıdır?
-Mavi... Su, axar su...
Ən yaxın adamınla belə aranda bir barmaq məsafə qoyursan ki, o, insandır, səni arxadan vura bilər. Mən istəyərəm ki, insanlar mənimlə münasibətdə belə olsunlar, məsafəni saxlasınlar. Çünki bilmək olmaz ki, mən sabah necə olacam. İnsan insana hazırlıqlı olmalıdır.
Amma məsələn, ağac, su elə bir şeydir ki, onunla heç bir məsafə saxlamırsan, sərhəd qoymursan. Bütün dərdini axar suya danışırsan, su axıb gedir və o ağırlığı da özüylə aparır. Amma insana danışanda elə bilirəm ki, qalır içində, hara gedirsə, dərdimi də özüylə aparır. Təbiət mənə daha axıcı və möhkəm gəlir. Məsələn, ağac yarpağını tökür, su axıb gedir, gecə gündüzlə əvəzləyir, sanki özünü yeniləyir. İnsan isə statikdir.
-Nərmin, sən həm də müəlliməsən. Bir az müəlliməliyindən danış...
-Birinci dəfə auiditoriyaya girəndə uşaqlar elə bildi kəsrə qalmışam. Dedim mən sizin yeni müəlliminizəm. Bakı Dövlət Universitetində radiojurnalistika fənnindən dərs deyirəm. Tələbələrimlə dostam. İndiki uşaqlar sərt, müəllimin yuxarıdan aşağı baxmasını sevmir. Dərsi onlara elə keçirəm ki, elə bil oxuduğum bir şeyi paylaşıram.
Sevinc Fədai
Leyla Əliyeva
Fotolar:Famil Mahmudbəyli